Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2017

ALİMLƏR VƏ FƏQİHLƏRLƏ DOSTLUĞUN ROLU

"Məni dost tutanın qəlbi pakdır, namazda alovlanır, vacib əmrlərin icrasında çalışqandır"
Merac hədisində oxuyuruq: “Allah aşiqi məscidi öz evi bilər, elmi özünə yoldaş, zöhdü özünə dost, alimləri özünə məhbub, fəqirləri isə rəfiq qərar verər.” 

Allah aşiqinin məscidə məhəbbəti təbii bir istəkdir. Aşiq vaxt tapan kimi məscidə tələsir, öz Allahı ilə münacata başlayır. O öz elmini artırmaqla Allaha mərifətini artırar. Allahı dost tutan insan Allahın dostlarını da dost tutur. Alimlər isə Allahın ən üstün dostlarındandır. Əlbəttə ki, alim dedikdə din alimləri nəzərdə tutulur. Allahı sevən insan fəqiranə həyat tərzi keçirən Allah dostları ilə də yaxındır. Bir çox peyğəmbərlər və övliyalar yetərincə var-dövlətə malik olsalar da, bu var-dövləti fəqirlər arasında bölmüşlər. Hədisdə buyurur: “O insanlar mənim dostumdur ki, mənim razılığımı axtarar və günahkarlardan qaçarlar.” Allah dostu yalnız onun razılığını cəlb etmək fikrindədir. Bu yolda bütün vücudu ilə səy göstərir. Allah aşiqi nəinki Allah düşmənlərinə yaxınlaşmır, hətta onlardan qaçır. Yalnız günahkarları islah etmək məqsədi ilə bəzən onlarla ünsiyyət saxlayır. Hədisdə buyurulur: “Məni dost tutanlar daim mənim zikrimə məşğuldur, çoxlu təsbih deyirlər, öz əhdlərinə sadiqdirlər, vədlərinə əməl edirlər.” Əlbəttə ki, aşiq üçün məşuqu xatırlamaqdan ləzzətli iş yoxdur. Allahı dost tutan insan hiylə işlətməz, əhdinə sadiq olar. Öz məhəbbətində sadiq olan kəs başqalarına qarşı da sadiq olur. Sədaqətsiz insan isə münafiqcəsinə hərəkət edir.
Rəvayətdə oxuyuruq: “Məni dost tutanın qəlbi pakdır, namazda alovlanır, vacib əmrlərin icrasında çalışqandır. O, gözünü mənim yanımdakı savablara dikmişdir, mənim əzabımdan qorxur, daim mənim dostlarımla yoldaşdır.” Allah zikrinə məşğul olan qəlb çirkinliklərdən paka çıxır. Allahı dost tutan insan dünyadan uzaqlaşır. Çünki ilahi məhəbbətlə dünya məhəbbəti bir araya sığmır. Əlbəttə ki, Allah məhəbbətinin də müxtəlif dərəcələri vardır. Bu məhəbbət xalis həddə çatdıqda Allahdan qeyrisi gözə görünmür. Rəvayətdə oxuyuruq: “Ey Məhəmməd, əgər bir bəndən səma və yer əhli qədər namaz qılsa, oruc tutsa, mələklər tək yeməkdən çəkinsə, fəqiranə geyinsə, amma qəlbində bir zərrə dünya məhəbbəti olsa, onu öz yaxınıma qoymaram və məhəbbətimi qəlbindən xaric edərəm.”

Hədisin sonu çox təsirlidir. Bu tövsiyyələri nəzərdə saxlamağa çalışaq. Əgər bir zərrə dünya məhəbbəti insanın bir ömür ibadətini puça çıxarırsa, dünya məhəbbətindən Allaha pənah aparaq! “Və ələykə səlami və rəhməti vəlhəmdullillahi Rəbbil-aləmin!”


2128 بازدید
در حال ارسال اطلاعات...