Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2017

Öz imanıyla fəzilət qazanan iffət rəmzinin mövlud günü

İslam Peyğəmbəri (s) nümunə olduğu üçün Onun (s) pak Əhli-beyti (ə) də nümunədir
İslam Peyğəmbəri (s) başda olmaqla Həzrətin (s) Əhli-beyti (ə) hər bir müsəlman üçün nümunə olmalıdır. İslam Peyğəmbərinin (s) nümunə olmasını Quran ayəsi O Həzrəti (s) "usvətun həsənətun" (yaxşı nümunə) adlandırmaqla təsdiqləmişdir. Nümunədə isə səhv olmamalıdır. Əgər olsa onu özünə nümunə bilən şəxslər də səhvə və xətaya düçar olarlar. Bir insan səhvə, xətaya düçar olacaqsa artıq ona nümunə lazım deyil və yaxud başqa sözlə əgər bir insanın nümunəsi xətalıdırsa onun həmin nümunədən istifadə etməsinin heç bir faydası və məntiqi tərəfi olmayacaq.
İslam Peyğəmbəri (s) nümunə olduğu üçün Onun (s) pak Əhli-beyti (ə) də nümunədir. Çünki Əhli-beyt (ə) xətasız və səhvsizdir. Bunun dəlili isə Quranın başqa bir ayəsi olan "Təthir" ("Əhzab" 33) ayəsidir. Allah Quranda buyurur ki, Əhli-beyti (ə) pak qərar verməyi iradə edib.
Əhli-beyt (ə) misdaqlarından, yəni o kəslərə ki bu ibarə şamil edilib, onlardan biri də xanım Fatimədir (ə). İslam alimləri arasında bu misdaqlar arasında ixtilaflar mövcud olsa da, Peyğəmbərin (s) xanımlarına da bu ibarəni şamil edənlərin rəyi müqabilində doğru rəy ortaya qoyulub. Hər halda xanımların Əhli-beyt (ə) misdaqlarından sayılması müsəlmanlar arasında ixtilaflı məsələ olsa da, Xanım Fatiməyə (ə) bu adın şamil edilməsində bütün müsəlman alimləri ittifaq ediblər. Bir halda ki, kişi öz xanımına təlaq versə onun gedəcəyi yer atasının mənzilidir, yaxud da yeni ərinin evi. Ancaq qız daim atanın ev əhlindən hesab edilir. Deməli, Xanım Fatimə (ə) məsumdur və hər növ ricsdən (çirkinlikdən) pak və uzaqdır. Bu Allahın təqdiridir.
Burada belə bir sualla qarşılaşırıq: Görəsən Xanım Zəhraya (ə) bəxş edilən bu fəzilət atasına görədirmi? Yəni bu fəzilət və bərəkət Xanımın (ə) məhz məxluqatın əşrəfi olan Allah Rəsulunun (s) qızı olmasına görədirmi? Doğrudur ki, İslam Peyğəmbərinin (s) qız olmaq bir şərəfdir və əziz atasının mübarək vücudundan öz bəhrəsini və təbərrükünü götürəcəkdir. Amma Xanım Zəhranın (ə) fəzilət və üstünlükləri öz iman və təqvasına görədir. Birinci ona görə ki, Allah Quranda buyurub ki, kəramət və üstünlüyün meyarı Allah yanında təqvadır və kimin təqvası daha çoxdur odur fəzilət və kəramət sahibi. İkincisi Allah Rəsulu (s) özü xanım Fatiməyə (ə) buyurur ki, dünyada ikən Axirətini qazanmağa çalışsın və məhz məxluqatın əşrəfinin, ənbiyanın əfzəlinin qızı olması onu xilas edə bilməz. Necə ki, Quran buyurur ki, insanlar öz əməllərinin girovudur.
Bu yerdə bir daha sual oluna bilər ki, axı Peyğəmbər (s) özü buyurub ki, qızım Fatimə (ə) bədənimin bir parçasıdır. Mümkün deyildir ki, Peyğəmbərin (s) bədəninin bir parçası – nəuzu billah – odda yansın. Doğrudur, bu cür hədis buyurulub, amma bu hədisdə açıq-aşkar bildirilir ki, Xanım Zəhraya (ə) kim zülm etsə və incitsə Peyğəmbəri (s) incitmiş olur. Yəni bu dünyada Xanım Zəhraya (ə) edilən haqsızlıqlar, incitmələr, nahaqlar İslam Peyğəmbərinə (s) edilmişdir. Amma bu məsələ bu dünyaya aid olan məsələdir. O ki qaldı o dünyanın əzab və yanmasına – bu işin Xanım Zəhradan (ə) uzaq olması onun şəxsi iman və təqvasına görədir ki, bu iman və təqva da O Həzrətdə (ə) İslam Peyğəmbərindən (s) aldığı mübarək tərbiyə və təlim əsasında formalaşıb.
Əlbəttə, təbərrük üçün və Xanım Zəhranın (ə) ilahi təqvasının, fəzilət və behişti öz şəxsi iman və təqvası hesabına qazanmasına dair bir rəvayət də qeyd edə bilərik. Çox məşhur rəvayətdir.
Bir gün Peyğəmbərin (s) qapısını gözü görməyən bir kişi döyür, xanım Zəhra (ə) hicabını örtür. Peyğəmbər (s) buyurur ki, axı o görmür, Xanım Zəhra (ə) buyurur, doğrudur, amma mən görürəm.
Doğrudur, bir qədər əvvəl qeyd etdiyimiz kimi Xanım Zəhra (ə) Peyğəmbər (s) bağının gülüdür və birbaşa O Həzrətdən (s) tərbiyə alıb. Amma bu dialoq və baş vermiş hadisə bizə öyrədir ki, Xanım Zəhra (ə) Peyğəmbər (s) qızı olması imtiyazına arxayın olmayıb, şəxsi təqva və Allaha olan eşqi ilə ilahi bəndəlik məqamının uca zirvəsini fəth edib. İslam Peyğəmbəri (s) Xanım Fatimənin (ə) həmin hadisə zamanı yaşatdığı dəyəri çox gözəl bilirdi. Çünki Xanım Zəhra (ə) bildiyimiz kimi vəhy tərbiyəsi görmüş şəxsdir. Biz isə burada vəhy tərbiyəsinə əməl etmə səhnəsinin şahidi oluruq. Burada vəhy alan İslam Peyğəmbərinə (s) arxayın olma, onun qızı ünvanında dünyaya gəlməyi imtiyaz və behiştə vasil olmanın qarantı hesab etmək kimi bir mövqey ortalığa qoymaqdan söz gedə bilməz.
Biz bir müsəlman olaraq Allahdan istəməliyik ki, analarımızı, xanımlarımızı, qızlarımızı Xanım Zəhranın (ə) pak yolunda və xəttində qərar versin. Həqiqətən də bir insanın mömin və təqva sahibi olması yolunda onun üçün Əhli-beytdən (ə) üstün nümunəvi şəxslər tapmaq qeyri-mümkündür. Xüsusən də xanımlar izzət, iffət, ismət sahibi olmaq, ilahi təqva və iman əhli olmaq istəyirlərsə Xanım Zəhradan (ə) sözün həqiqi mənasından ibrət almalı, özlərini O Həzrəti (ə) nümunə bilməlidir.
Həzrət Zəhranın (ə) mübarək təvəllüd günü münasibətiylə İmam Zamanı (ə.f) və dünya müsəlmanlarını təbrik edirik.


2619 بازدید
در حال ارسال اطلاعات...