Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2017

Əl-Muraqibat kitabından bir yarpaq: Həzrət Zəhranın (ə) şəhadəti

Peyğəmbər (s) dünyadan köçəndə onun yer üzündə Fatimədən (ə) başqa heç kimi yox idi.
Cəmadius-sani ayının üçündə xanımlar xanımı həzrət Zəhra (ə) vəfat etmişdir. Səhih rəvayətə görə həzrətin şəhadət günü bu gündür. (Həzrət Zəhranın (ə) şəhadətinin tarixi ilə bağlı rəvayətlərdən onun atasından 75 gün və ya 95 gün sonra vəfat etməsi məlum olur. Müəllif “95 gün” tarixini daha dəqiq sayır.) Həzrət Zəhra (ə), bu gün haqqı əlindən alınmış və zülm olunmuş bir halda dünyadan köçdü. Şiələr bu günə vafadar qalaraq onu müsibət və qəm günü qərar verməlidirlər. Çünki bu gün o həzrətin yaxınları Rəsuli-əkrəmin (s) vəfatından sonra ikinci müsibəti yaşadılar. Əmir əl-möminin üçün (ə) Peyğəmbərin (ə) vəfatından sonra heç bir gün bu gün qədər müsibətli və ağrılı-acılı olmayıb. Həzrət Zəhranı (ə) itirmək Əli (ə) üçün çox ağır idi. Ona görə də Əli (ə) xanım Zəhra (ə) üçün növhə oxudu, ağladı və ondan ayrılığa görə şikayət edərək buyurdu:
“Canım ah zindanında mənim qəmimlə yüklənib. Kaş canım da ahımla birlikdə çıxaydı. Səndən sonra yaşamağın heç bir faydası yoxdur. Səndən sonra ömrümün uzun ola bilməsindən qorxduğum üçün ağlayıram”.
Həmçinin buyurdu: “Əhməddən sonra Fatiməni itirmək göstərir ki, heç bir dost əbədi qalmır. Onları əldən verdikdən sorna həyat sənin üçün necə xoş keçə bilər? And olsun canına, bu mümkün olan şey deyil. İnsan dostunun ölməməsini istəyir, ancaq bu qeyri-mümkündür”. (“Biharul-ənvar”, c. 43, səh. 216.)
Canıma and olsun ki, İmam Əlinin (ə) bu şer və nəsrlərini (İmam Əli (ə) həzrət Fatiməni (ə) torpağa tapşırarkən buyurmuşdur: “Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim... Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil”. (Nəhcül-bəlağə, xütbə 215)) xatırlamaq ağılları mat qoyur. O həzrətin belə bir sözlər deməsi o qədər də sadə məsələ deyildir. Bu sözlər həzrət Zəhranın (ə) Allah yanında məqamının əzəmətini, onun Allah yanında fəzilətini göstərir. Həzrət Əlinin (ə) tufanların belə onu yerindən tərpədə bilmədiyi, heç bir şeyin onu sındıra bilmədiyi, ondan sellər axan və zirvəsinə quşları belə uça bilmədiyi bir dağ kimi səbrinə diqqət etməklə, həzrət Zəhradan (ə) ayrılığına görə belə bir vəziyyətə düşməsi və bu sözləri dilinə gətirməsi çox-çox heyrətləndirici bir məsələdir.
Əgər Fatimənin (ə) fəziləti ən yüksək dərəcədə olmasaydı və bu müsibətə görə ah-nalə etmək bəyənilməsəydi, imam Əli (ə) onun müsibətində bu qədər ah-nalə etməzdi.
Ona görə şiələr də həzrət Fatimənin (ə) vəfat gününü özləri üçün hüzn günü qərar verməkdə, həmin günü matəm saxlamaqda, o həzrətin müsibətlərini zikr etməkdə gərək Əlini (ə) özlərinə örnək götürsünlər. Çünki həzrət Zəhra (ə) atasının tək övladı, ən sevimlisi idi. Peyğəmbər (s) onunla rəftar etdiyi kimi heç kəslə rəftar etməmişdir. Şiələr və onların müxalifləri Peyğəmbərin (s) həzrət Zəhra (ə) barədə belə buyurduğunu deyiblər: “Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir”.
Həzrət Fatimə (ə) ölüm yatağında olarkən birinci və ikinci xəlifədən Peyğəmbərin (s) bu hədisini öz qulaqları ilə eşitdiklərinə etiraf aldıqdan sonra bu hədislə onların əleyhinə sübut gətirdi və sonra əllərini qaldırıb dedi: “İlahi, Özün şahid ol ki, bu iki nəfər məni qəzəbləndirdi”. (Təbəri Ayişədən belə nəql edir: “Fatimə Abbasla birlikdə Əbu Bəkrin yanına gəlib Peyğəmbərdən onlara qalan mirasını – Fədək torpaqlarını və Xeybərdən onlara düşən payı tələb etdilər. Əbu Bəkr onlara dedi: Peyğəmbər belə deyirdi: “Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən qalan şeylər sədəqədir və Peyğəmbər övladlarının hamısız ondan istifa-də etməlidirlər”. Allaha and olsun, mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etməyəcəyəm”.
Ayişə deyir: “Fatimə Əbu Bəkrdən ayrılıb getdi və ömrünün axırına qədər bir daha onunla danışmadı. Vəfat etdikdə isə Əli onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn etdi”.
“Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Buxaridən belə nəql edir: “Fatimə bir nəfəri Əbu Bəkrin yanına göndərib ondan öz mirasını istədi. O miras ki, Allahın əmri ilə Peyğəmbər (s) tərəfindən Zəhraya verilmişdi”. Ancaq Əbu Bəkr dedi: Peyğəmbər (s) buyurub: “Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən sonra qalan şeylər isə sədəqədir. Peyğəmbər övladlarının hamısı ondan istifadə etməlidirlər”. Allaha and olsun, Peyğəmbərin sədəqə barəsində tutduğu yolu heç vaxt dəyişdirməyəcəyəm”.
Əbu Bəkr bu mirası Fatiməyə (ə) verməkdən imtina etdi. Əbu Bəkrin onun öz qanuni haqqını qaytarmaq istəmədiyini görən Fatimə ömrünün sonuna qədər Əbu Bəkrdən küsülü qalıb, onu danışdırmadı.
Peyğəmbərdən (s) sonra isə cəmisi altı ay yaşadı, vəfat etdikdə Əli (ə) onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn edib, təklikdə ona namaz qıldı.
Termizi özünün “Səhih” kitabında Əbu Hüreyrədən belə nəql edir: “Fatimə Əbu Bəkrlə Ömərin yanına gəlib atasının mirasını istədi. Onlar dedilər: Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: “Biz peyğəmbərlər özümüzdən sonra irs qoymuruq”. Fatimə dedi: Allaha and olsun, daha sizinlə danışmayacağam”. O, dünyadan gedəndə də onlarla küsülü idi.
İbni Qüteybə yazır: Ömər Əbu Bəkrə dedi: Gəl Fatimənin yanına gedək. Çünki, biz onu qəzəbləndirmişik.
İkisi də Fatimənin evinə gəlib, daxil olmaq üçün icazə istədilər. Fatimə onlara icazə vermədi. Onlar Əlini (ə) yanına gəlib, onunla söhbət etdilər. Əli (ə) onların evə daxil olmasına icazə verdi. Ömər və Əbu Bəkr Fatimənin yanında oturanda Fatimə (ə) üzünü divara tərəf çevirdi. Onlar Fatiməyə salam verdilər. Ancaq o həzrət onların salamlarını almadı!”
Fatimə (ə) dedi: “Sizin üçün Peyğəmbərdən hədis deyimmi?”
Onlar “bəli” - deyə cavab verdilər.
Fatimə (ə) buyurdu: Məgər Peyğəmbərin belə buyurduğunu eşitməmisinizmi: “Fatimənin razılığı mənim razılığım, Fatimənin qəzəbi mənim qəzəbimdir. Hər kəs qızım Fatiməni sevsə məni sevib və hər kəs Fatiməni razı etsə məni razı edibdir. Hər kəs Fatiməni qəzəblən-dirsə məni qəzəbləndiribdir.”
Əbu Bəkr və Ömər “bəli, eşitmişik” - deyə cavab verdilər!
Fatimə (ə) dedi: “Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz iki nəfər məni qəzəbləndirmiş və məni razı salmamısınız. Hər vaxt Allahın Rəsulunu görsəm siz iki nəfərdən ona şikayət edəcəyəm”.
Əbu Bəkr dedi: “Ey Fatimə, mən onun və sənin qəzəbindən Allaha pənah aparıram!” Elə bu zaman uca səslə elə ağladı ki, az qala ruhu bədənindən ayrılacaqdı.
Fatimə (ə) da dedi: “Allaha and olsun, qıldığım hər namazda Allahdan, səni mühakimə etməsini istəyəcəyəm”.
Əbu Bəkr ağlaya-ağlaya Fatimənin evindən çölə çıxdı. Camaat onun başına yığışdı. O, ağlaya-ağlaya camaata dedi: “Ey camaat! Siz səhərə kimi öz ailənizlə asayişdəsiniz, məni isə bəlaya salmısınız. Məndən uzaq olun və beyətinizi geri götürün”. ) Sonra da Əliyə (ə) vəsiyyət etdi ki, onun dəfnini və qəbrinin yerini o iki nəfərdən gizli saxlasın.
Canıma and olsun ki, həzrət Zəhranın (ə) bu vəsiyyəti Allah yolunda cihad, şiə məzhəbinin haqq olduğunun, digər məzhəblərin isə batil olmasını sübut etmək üçün hər ayə və dəlildən daha faydalıdır. Çünki onun dəfninin gizli olması və qəbrinin yerinin gizli qalması sual yaradır. Hər kəs bu suala cavab tapmaq ardınca olsa, başa düşəcək ki, bunlar o həzrətin vəsiyyəti əsasında gizli saxlanılmışdır. Cavab axtaran şəxsə səmanın ortasına çatmış gün kimi aydın olacaq ki, atasının yadigarı o iki nəfərə qarşı qəzəbli olduğu halda dünyadan köçmüşdür, atası və mövlası Peyğəmbərlə (s) görüşdükdə onlardan şikayət etmişdir. Bu məsələ o iki nəfər üçün böyük rüsvaylıqdır və daha bundan böyük rüsvaylıq ola bilməz. Xüsusilə də Quranın bəzi ayələri buyurur: “(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” (“Şura” surəsi, ayə 23.)
Yenə buyurur: “De: Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” .
Peyğəmbər (s) dünyadan köçəndə onun yer üzündə Fatimədən (ə) başqa heç kimi yox idi.
Bunlara diqqət etməklə heç bir aqil şəxs özündə şübhəyə yol verməz ki, Peyğəmbərin (ə) risalət muzdunu verməkdə xəyanət edən kəs, Peyğəmbərin (s) canişini ola bilməz və onun xilafət kürsüsündə oturmağa layiq deyildir. Məlumdur ki, Peyğəmbərə (s) xəyanət edən və onun yaxınlarının haqqını verməyən kəs, ona yaxın olmayanların haqqına da riayət etməyəcək. Peyğəmbərin (s) qızına zülm edən, ümmət arasında necə ədalətlə rəftar edə bilər? Bu məsələ alim və qeyri-alimin çox asanlıqla başa düşdüyü bir mövzudur. Xüsusilə də şiə və əhli-sünnənin məşhur təfsirçilərinin yekdil nəzərinə görə “təthir” ayəsi həzrət Zəhranın (ə) şənində nazil olmuşdur. Ona görə də Quranın açıq-aydın şəkildə həzrət Zəhranı (ə) hər bir səhv və xətadan pak bildiyi, ona qarşı sevgini vacib etdiyi bir halda kimsə ona zülm etsə və haqqını qəsb etsə, heç vaxt bu zülm və əzab-əziyyət etməsinə səhih şəri yolla haqq qazandıra bilməz.
Ey insanlar! Ağlayın, sevimli, kərim və aləmlərə rəhmət peyğəmbərə, onun qəlbinin parçası və pak qızına qarşı olan bu böyük cinayətə! Hələ atasının kəfəninin suyu qurumamış onun haqqını qəsb etdilər, atasının irsindən məhrum etdilər, üzünə sili vurdular, övladını siqt etdilər. Allahın müqərrəb mələklərinin müddətlərlə dayanıb gözlədiyi və icazə almadan girmədikləri evinin qapısına od vurdular.
Hər halda şiələr bu gün Peyğəmbərin (s) razılığına səbəb olacaq, Fatimənin (ə) Allahının onu bəyənəcək və şiəlik haqqı yerinə yetiriləcək bir şəkildə həzrət Zəhranı (ə) ziyarət etsinlər və ona salavat göndərsinlər.


2585 بازدید
در حال ارسال اطلاعات...