Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2017

Əl-Muraqibət kitabından bir yarpaq

İlahi yolun yolçusu zərrə miqdarında da olsa xeyir əməli az olduğuna görə tərk etməməlidir.
Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi nəfsin tərbiyə və safaşmasını öyrədən dəyərli “Əl-Muraqibat” kitabının bir hissəsində ilahi yolun yolçularına öz ibadətlərini ixlasla yerinə yetirməyi, şeytana uyub əməlini tərk etməməyi, yaxşı əməllərini böyük görməməyi tövsiyə edərək buyurur:
"Xüsalə; xəbis İblisin məqsədi budur ki, insanı öz Rəbbinə xidmət etməyə və Mövlasına ibadət etməyə qoymasın. Əgər insan şeytana uyub onun əmrinə itaət etsə, qəlbində zülmət yaradacaq. Bu zülmətin təsirindən digər ibadətləri də tərk edəcək. Bu eniş və ibadətin tərki onda o qədər davam edəcək və möhkəmlənəcək ki, hətta insan daimi həlakətə (günaha) düçar olacaq. Ancaq şeytana itaət etməsə, Allah onun əlindən tutar, şeytanla müxalifət etdiyinə görə onun qəlbini nurlandırar və ona kamil müvəffəqiyyət verər."
İlahi yolun yolçusu zərrə miqdarında da olsa xeyir əməli az olduğuna görə tərk etməməlidir. Əgər xeyir əməli kiçik və az olduğu üçün tərk etsə, ziyan və zərərə düçar olacaq. Habelə, etdiyi xeyir əməli böyük sanmamalıdır. Öz xeyir əməlini böyük bilsə, ücb və özünü bəyənməkliyə mübtəla olar.
Habelə, əgər bir əməli etməyə gücü çatmırsa, onu tamamilə tərk etməməli, bacardığı miqdarını yerinə yetirməlidir. O miqdarı yerinə yetirdikdən sonra Allah dərgahında onu kiçik və az hesab etsin. Çünki bəndə etdiyi əməli kiçik hesab edərsə, həmin əməl Allahın yanında böyük sayılacaq və ola bilər ki, Allah (cəllə cəlaluh) o əməli Öz dərgahında qəbul etsin. Bir əməl Allah yanında qəbul olunarsa, onun az olmasına diqqət edilməz. Allah Öz bəndəsindən bir əməli qəbul etdikdə, o əməl az olsa da belə, ona çoxlu mükafatlar verir. Ancaq bir kəsin əməlini qəbul etməsə, o əməl nə qədər böyük olsa da onun üçün faydası olmayacaq. Necə ki, Adəmin (ə) əməlini (tövbəsini) qəbul etdi və onu seçdi, amma İblisin əməlini qəbul etmədi, onu lənətlədi və qovdu.
Deməli, bəndə etdiyi xeyir bir əməli böyük sanmamalıdır, hətta o əməl ins və cinin ibadətinə bərabər olsa da. Çünki xeyir əməlini böyük sanmaq ücb və özünü bəyənməklik, xudpəsəndlikdir. İnsanda özünü bəyənməklik olarsa, bu, onun əməlinin hədər getməsinə bais olacaq. Üstəlik qəlbinin nuru zülmətə çevriləcək. Ona görə də bəndə öz əməlini kiçik bilməlidir. Çünki ola bilər ki, həmin kiçik əməl (Allah dərgahında) qəbul olsun və böyük sayılsın.
Sonra, əməlin ixlas və sadiqliyinin mərtəbələrində kamil diqqət olunması haqqında bəyan etdiklərimizin hamısı insanın öz əməli barəsindədir. Belə ki, insan öz işlərində xalislik və sadiqlikdən başqa heç nəyə qane olmasın. Xalis olmayan əməlini puç və məhv olmuş sansın. Üstəlik, ona (xalis olmayan əmələ) günah kimi baxsın.
Ancaq başqalarının xalis olmayan əməlini puç, yaxud günah kimi dəyərləndirməsin. Çünki qeyri-xalis əmələ günah kimi baxmaq şəxsin yalnız özü üçün faydalıdır. Əgər başqalarının ixlassız əməlinə günah kimi baxsa bu, həmin şəxsin öz xeyir əməlini tərk etməsinə, onun yolunda mane yaratmağa bais olacaq. Ona görə də insanın özündən başqalarının əməlində ixlası meyar götürməsi yaxşı deyil. İnsan, Allahın bəndələrinin əməlinin zahirini görməlidir (onun ixlasla olub-olmamasını axtarmamalıdır). Başqalarının əməlində Allahın fəzlini meyarı götürməli, onların qeyri-xalis və naqis əməllərinin Allah dərgahında qəbul olacağını düşünməli və belə ümid etməlidir ki, onlar Allahın fəzlindən məyus olmasın, hətta əməlləri qeyri-xalis, naqis və hüzuri-qəlb olmadan yerinə yetirilmiş olsa da. Ola bilsin ki, Allah bəndələrinin duasını məhz duanın zahiri ilə qəbul etsin, hətta (sidq ürəklə və ixlasla olmayıb) yalnız dilinə gətirməklə də olsa. Və onlara Öz əfv və kərəm baxışı ilə baxsın.
Əsla! Əsla! İnsan heç kəsi Allahın rəhmətindən naümid etməməlidir, yaxud bir kəsin öz xeyir əməlini tərk etməsinə bais olmamalıdır, baxmayaraq ki, o əməli qeyri-ixlasla yerinə yetirir. Ola bilər ki, əməlin surəti tərk edilmədiyi təqdirdə Allahın rəhmət nəsimi ona əsər, yaxud bir ruh və həqiqət ona verilər və bu qəlbin nuraniliyinə təsir göstərər, onun əməli tamamilə dəyişilər (ixlasla yerinə yetirilər). Əməlinin çoxunun, bəlkə də hamısının qəlbinin zahirindən yerinə yetirilməsinə baxmayaraq (Allahın ona rəhməti, əməlinə həqiqət bağışlaması və qəlbini nurlandırması sayəsində) hidayət olunmuşlar dəstəsinə qoşularaq hidayət olar.
Xülasəsi budur ki, əgər günahkar bir şəxs məstlik halında “ya Allah” desə, mən güman etmirəm ki, Allah onu rədd etsin və onun cavabını verməsin!!"

Qaynaq: “Əl-Muraqibat”, səh. 306-308
Hazırladı: Seyid Zahir


2444 بازدید
در حال ارسال اطلاعات...