Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2016

Şəhriyar irfanda mürşidin canişini vəzifəsinə ucalmışdı

Şəhriyar Zati Əhədiyyətə sığınır, gecə razi-niyazlarına başlayır, mənəvi kəşflərə yetişir
Seyid Məhəmməd Hüseyn Şəhriyar ruhani, ədib, şair, həkim olmaqdan əlavə, dini elmləri, ərəb ədəbiyyatını dərindən öyrənmiş və fransız dilinini bilirdi. Ancaq onun indiyədək bilmədiyimiz həyat yolu da olmuşdur.
Ustad Şəhriyarın dostlarından biri yazır:
Şəhriyarın bu yazılanlardan əlavə sirli tərcümeyi-halı da olmuşdur ki, onun bioqrafiyasını yazan müəllif üçün işi çətinləşdirir. Burada şairin bəzi hallarını qısa və üstüörtülü şəkildə şərh verməyə məcburam. Əgər sonra mümkün və məsləhət olsa geniş şəkildə yazacağam:
Şəhriyar 1307-1309-cu illərdə (m. 1928-1930) doktor Səqəfinin təşkil etdiyi irfan məclislərində iştirak edirdi. Sözü gedən məclislərdə Şəhriyar üçün çoxlu kəşflər olmuşdur və bu kəşflər şairi seyri-süluka çəkmişdir. Şəhriyar 1310-cu ildə (m. 1931) Xorasana getdi və 1314-cü ilə (m. 1935) kimi orada da bu məclislərdə iştirak edir, bu fikirlərin ardınca olur. 1314-cü ildə (m. 1935) Tehrana qayıdır və 1319-cu ilə (m. 1940) kimi bu fikir və əməlləri daha da bərk izləyir. Belə ki, 1319-cu ildə (m. 1940) artıq dərvişlik sırasına daxil olur, bu mərhələnin seyri-sülukunu sürətlə gedir. Bu yolda o qədər irəliləyir ki, mürşidin dəsturu ilə xirqə alır və mürşidin canişini dərəcəsinə yetişir.
Bu təklif və vəzifə uzun müddət Şəhriyarı dərin düşüncələrə qərq edir. O, bir neçə ay heyrətdə qalır və seçim edə bilmir. Nəhayət, bu qərara gəlir ki, mürşid olmaq və böyük bir dəstəni öz qanadı altına alıb, onlara rəhbərlik etmək, məqsədi ilahi mərifət əldə etmək, həqiqətləri kəşf etmək ardınca olan Şəhriyar üçün ağır bir vəzifədir və onun istəyindən qıraq bir işdir. Buradadır ki, Şəhriyar Zati Əhədiyyətə sığınır, gecə razi-niyazlarına başlayır, mənəvi kəşflərə yetişir. Özününü dediyinə görə, ilahi istək onu övliyalardan birinin ruhu ilə görüşdürür. O müqəddəs ruh Şəhriyarın həqiqət və irfan yolundakı bütün çətinliklərini həll edir, anlaşılmayan məsələlər onun üçün kəşf olur.
Bu əzəmətli feyzi dərk etdikdən sonra Şəhriyarın hal və hərəkəti tamamilə dəyişir. Bundan sonra artıq Şəhriyarın fikir və hallarını anlamaq onun yaxınları, dost-tanışları, hətta mənim üçün də çətinləşmişdi. Elə sözlər danışırdı ki, onu başa düşmək adi halda mümkün deyildi. Şəhriyarın rəftar və hərəkətləri də sözləri ilə yanaşı dərk ediləsi deyildi və çox qəribə idi.
Şəhriyar hamı ilə əlaqəni kəsdiyi, qapını dost-tanışların üzünə bağladığı və otağında tənha qalaraq öz şairanə xəyallarında daldığı bir zamanda qabaqcadan xəbər vermədən onun evinə getdim. Gördüm, gözlərini yumub, əllərini başına qoyub, pərişan halda ardıcıl olaraq həzrət Əliyə (ə) təvəssül edir. İçəri keçib Şəhriyarı silkələdim. Dedim ki, bu nə vəziyyətdir? O dərindən bir nəfəs alıb mənə təşəkkür edərək dedi: - Məni boğulmaqdan qurtardın. Dedim: - Dəli olmusanmı? Adam da boş və su olmayan quru bir otaqda boğularmı? Şəhriyar qarşısındakı kağızı götürüb mənə verdi. Gördüm bir şer yazıb. Bu şer “Dərya sinfoniyası” şerinin “Gecə əfsanəsi” hissəsi idi.

Hazırladı: Seyid Zahir


830 بازدید
در حال ارسال اطلاعات...