Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2016

"Müfti" Mübariz Qurbanlının "Cümə xütbəsindən" reportaj

Doğrudur, Mübariz Qurbanlını bu günə qədər nəinki indiki vəzifəsində, hətta bundan əvvəl də ciddiyə alan olmayıb
Əvvəllər də belə hadisələr tez-tez baş verirdi. QMİ nəzarəti altında olan məscid axundlarına Prezident aparatının mətbəxində yazılmış xütbələr paylanırdı ki, bu xütbələrlə camaatı haqq yoluna – YAP yoluna dəvət etsinlər. Türkiyə də o zamanlar Atatürkün vaxtında bu proseslərin şahidi olub. Əlbəttə, hansı dövlətdə ki, din zalım dövlətin nəzarəti altında olub, bu kimi hallar təkrarlanıb.

KMZDK (Dini Qurumların yeni adı saytımızda bu cür verilib – Kərbəla-Məşhəd Ziyarətləri üzrə Dövlət Komitəsi) sədri müfti Mübariz Qurbanlı özünün növbəti "Cümə xütbəsində" belə deyib: "Azərbaycan dünyəvi dövlət olduğundan dövlət müəssisələrində, eləcə də ali təhsil ocaqlarında namaz qılınmasını məqsədəuyğun saymıram. Ancaq dövlət müəssisələrində və ali təhsil ocaqlarında dini ayin icra etmək olmaz. Çünki qanunvericiliyə görə, dini ayinlərin icrası yalnız dini məbədlərdə həyata keçirilməlidir. Yəni yəhudilər sinaqoqda, xristianlar pravoslav və katolik kilsələrində, müsəlmanlar isə məscidlərdə dini ayinləri icra etməlidirlər. Bu gün yalnız Bakı şəhərində 132 məscid var. Ona görə də istənilən şəxs məscidə gedib namazını qıla bilər. Dinimiz hər bir insana imkan yaradır. Əgər tədris vaxtı zöhr namazını icra etməyə problem yaranırsa, onda bunu qəzaya saxlamaq olar. Bununla da kimsə günah qazanmır. Təbii ki, namazı hansısa məkanda qılmağı qadağan etmirik. Lakin iş yerləri və ya təhsil ocaqları namaz qılmaq yeri deyil. Qanunvericiliyə görə ali təhsil müəssisələrində dini ayinləri yerinə yetirən şəxsə zor tətbiq etmək, yaxud da məscidə gedib kiminsə qolundan zorla tutub bayıra çıxarmaq qadağandır." Müfti Mübariz Qurbanlı bu fətvanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində verib. Cənab müftiyə demək lazımdır ki, namaz əhlinə deyirsən təhsil ocağı, dövlət idarəsi namaz qılmaq yeri deyil. Bəs görəsən təhsil ocağı fətva mərkəzidir? Fətva verənsən get QMİ-də imtahan ver, müftilər şurasına qəbul ol, sonra fətva ver.

Bir yandan deyir ki, qanunvericilikdə - əgər kimsə bu yerlərdə dini ayinləri icra edərsə - zor tətbiq etmək qadağandır. Soruşmaq lazım: Dövlətin qadağan etmədiyi şeyi sən hansı haqla məqsədə uyğun saymırsan? İkincisi sən hansı məqsədi nəzərdə tutursan? Namaz qılanın məqsədi Allah rizasını qazanmaqdır, sən bu işi həmin məqsədə uyğun saymırsan? Bəs hansı məqsədə uyğun sayırsan, Allahın qəzəbini qazanmaq məqsədinə? Heç bilirsən nə danışırsan? (Kim bir az mədəni, ziyalı, ədəbi dildə danışan biri kimi camaatın yaddaşında qalmaq istəyir "məqsədəuyğun saymıram" deyir)

Doğrudur, Mübariz Qurbanlını bu günə qədər nəinki indiki vəzifəsində, hətta bundan əvvəl də ciddiyə alan olmayıb. Bundan əlavə Mübarizin sadaladığı yerlərdə bundan əvvəl də - bəzi istisnaları nəzərə almasaq – dini ayinləri icra etmək qadağan olub. Deməli, Mübariz Qurbanlı onun üçün əvvəlcədən yazılan xütbəni oxuyub.

Bu kişi mollalıq etməyə başlayandan bəri "Yol əhvalatı" kinosundakı Qurban dayının sözü yadıma düşür: Sən qələtvü elə, otur aşağı, mollalıq eləmə.

Bəli, Mübariz Qurbanlının dediyi sözlər başdan-ayağa qələtdir (səhvdir). Namazı bilərəkdən qəzaya saxlamaq olmaz, günahdır. Nəinki qəzaya verən, hətta bu sözü dilə gətirən şəxs də günah qazanır. Adam gərək bildiyini danışsın, yalan danışıb dindar camiəni aldatmasın.

Mübariz Qurbanlı dürüst adam olsaydı təhsil ocaqları və dövlət müəssisələrinin məsullarını camaata namaz qılmağa icazə verməyə çağırış edərdi.

P.S. Cümə xətiblərindən xahişimiz budur ki, cümə namazlarında özlərini təqvaya dəvət edəndən sonra Mübariz Qurbanlının xüsusiylə dəvət etsinlər.