Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2016

Şeyxülislam Paşazadənin yerinə Şeyx Əbdül danışır

Axı onlar bizə divan tutur, biz də şükür edirik
Deyirlər dünya həyatı özü bir kinodan ibarətdir. Bu kinonun aktyorları insanlardır, mənəm, sənsən, odur, budur. Həyat adlı səhnədə hərə özünə bir yol və rol seçir, biri gedir müğənni olur, digəri aktyor, bir başqası yazıçı, rejissor, molla, müəllim və s. Amma kim hansı peşəni seçir seçsin, bir şeyi unutmamalıdır ki, o, insandır, canlıdır, yeyir, içir, yaşayır. Kimlərəsə heyvan kimi yaşamaq sərfəli ola bilər, amma həqiqi insan insan kimi yaşamaq istəyir.

Adam var artistliyə vurub özünü, elə bilir səhnədədir – "Gül bayramı" şoularının məhşur aparıcısı Hacıbala Abutalıbov kimi. Adam da var əsil aktyordu, amma insan olduğunu da dərk edir, istəyir insan kimi yaşasın. İnsanlığına hörmət gözləyir ətrafdakılardan – tanınmış incəsənət xadimi Əbdül Mahmudbəyov kimi.

Azərbaycanda işığın, qazın qiymətləri qalxdı. Qara camaat bir qırağa, tanınmışlar nədənsə özünü bir kənara çəkib. Ən pisi odur ki, bəziləri az qalıb bu qiymət artımına bəraət qazandırsın. Biri deyir belə məsləhətdir, biri deyir buna da şükür edək, 90-cı ildə bundan betər yaşayırdıq. Bu tanınmışlardan fərqli olaraq Şeyx Əbdül adıyla daha çox tanınan dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov isə qiymət artımı xəbərlərini eşidən təki qiyam qaldırıb.

Prezidentdən ad alıb xalqın yox, prezidentin artistləri olan saxta qəhrəmanlar qoy ağızlarına su alıb sussunlar. Yoxsa adları əllərindən alınar. Şeyx Əbdül susmur çünki gözəl bilir ki, səhnədə aktyordur, səhnədən çıxanda bir vətəndaş, nəhayətdə isə bir insandır. O, ad-san xatirinə narazılıq edib üsyan qaldırsaydı, etiraz etməsi yox, bəzi məddahlar kimi haqsızlıqlara bəraət qazandırması daha məntiqli olardı. Kişi əziyyət çəkib adını hökümətin qara siyahisinə salıb. İndiyədək bir çox haqsızlığa etiraz edən Şeyx Əbdül deyir: "Neft-qaz istehsal edən bir ölkədə qaz, neft, onu istehsal etməyən ölkədən bahadır. Bu nə deməkdir ki? Bəyənmədiyimiz Türkmənistan praktikası var, öyrənsinlər onlardan ki, necə olur orada qaz pulsuz verilir, amma Azərbaycanda qiymətini bir az qaldırırlar? Bircə məqsədləri var: millətin belini qırmaq Bu qazın işığın pulunu artıranlar özləri qaz pulu, işıq pulu verirlərmi? Əlbəttə ki, vermirlər. Bir icra başçısı, deputat, bir nazir, prokuror işıq pulu, qaz pulu vermir. Bütün bunların obyektləri səhərə kimi işləyir, hamısı da dövlətin hesabına. Büdcəni doldurmağı isə yükləyirlər xalqa. O gün parkdan keçirəm, görürəm ki, günün günorta çağı bütün işıqlar sicilləmə yanır. Gedib deyirəm ki, niyə işıq yanır, niyə israf edirsiniz? Deyirlər, yaddan çıxıb. Belə şey olar? O parklarda, küçələrdə günorta vaxtı yanan işığı camaata paylasalar, elə işıq pulu verməyə ehtiyac olmaz. Mənə maraqlıdır ki, cənab prezident niyə camaata qənim kəsilən məmurlarla bağlı bir ölçü götürmür? Niyə onlara "stop" deyən yoxdur? Axı onlar bizə divan tutur, biz də şükür edirik." Əhsən, halal olsun Şeyx Əbdülə! Şeyxülislam Allahşükür Paşazadənin deməli olduğu sözləri o deyir. Çünki indiki camaat heç də Mirzə Cəlilin "Ölülər" əsərindəki avam camaat deyil, zülm olan yerdə birinci ruhanini, mollanı, şeyxi qınayırlar. Şeyx Əbdül isə heç kimdən zülmə etiraz gözləmir, hətta şeyxülislamdan da. Sinəsini prezident medalları üçün yox, xalq üçün, kasıb, yazıq camaat üçün qabağa verib qarşıda onu gözləyən dağlara razı olub. Digər həmkarı Rüstəm İbrahimbəyov kimi vətəndən didərgin düşmək, Fuad Poladov kimi səhnədən, sənətdən uzaqlaşmaq təhlükəsini də gözə alıb.

P.S. Köhnə nəsilin bəzi nümayəndələri sovet hökümətində olan bəzi müsbət cəhətləri indi də xatırlayır. Bundan sonra qazın-işığın qiymətinin qalxması nəticəsində borcu üst-üstə yığılan bu insanların qazsız evdə soyuqdan donub qıp-qırmızı qızaran burnunun ucu həmin hökümət üçün daha çox göynəyəcək.


1751 بازدید
در حال ارسال اطلاعات...