Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2016

İMAM HÜSEYN (Ə) MƏKTƏBİNDƏ İNSANŞÜNASLIQ

Allah Öz risalətini harada qərar verməyi daha yaxşı bilir!
Böyük və görkəmli adamlar fərdlərlə və şəxslərlə qarşılaşanda həmin fərdin və şəxsin özünü tanımazdan qabaq, onun şəxsiyyətini tanımağa, mənəviyyatının, təfəkkür tərzinin və dünyagörüşünün dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar.
İslamın başlanğıcında siyasi, hərbi, nizami və məhkəmə işlərində bu məsələyə dəqiq şəkildə diqqət verilmiş, hətta yaşca kiçik olsalar belə, dərrakəli, düşüncəli və qətiyyətli adamları, sadə və qətiyyətsiz yaşlılardan üstün tutmuş, İslamın idarə qurumlarına heç bir vəchlə dostbazlıq və dəstəbazlıq yol tapmamışdır. Əlaqələr zabitələr üzərində hakim deyildi, “mərifəti qədərincə məşhurdur” qanununa riayət edirdilər.
Bu məsələ ilə əlaqədar yenə şəhidpərvər Hüseynin (əleyhissalam) evinə baş vuraq və feyzlə dolu məktəbindən bir incəlik öyrənək:
Ağır borc təzyiqi altında inləyən və heç bir çıxış yolu tapmayan bir ərəb kişi Mədinəyə gəldi, yoxsulların ümidinin evinə getdi, şəhidlərin sərvəri, Zəhranın (əleyha salam) oğlunun evinə daxil oldu və salam verəndən sonra belə dedi: Yəbnə Rəsulillah, böyük borcum var və bir qan puluna zamin olmuşam, ancaq onu ödəməyə imkanım yoxdur. Qərara aldım ki, insanların ən böyüyündən kömək istəyəm, öz ehtiyacımı ona deyəm. Bu gün İslam Peyğəmbərinin nəslində sizdən kəramətlisini tanımıram.
Hüseyn (əleyhissalam): Ey ərəb qardaş, mən səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən, sənin xahiş etdiyinin üçdə birini ödəyəcəyəm, əgər iki məsələyə cavab versən, üçdə ikisini, əgər hər üç sualıma cavab versən, sənin bütün istəklərini yerinə yetirəcəyəm.
İmam Hüseyn (əleyhissalam) əvvəlcə ağır borc altına girmiş ərəb kişinin şəxsiyyətini öyrənmək və ona uyğun hərəkət etmək istəyirdi ki, məbada, birdən öz şəxsiyyətinin, böyüklüyünün və şəninin xilafına bir iş görər. Ancaq qəti aydın idi ki, o, heç bir cavab verməsəydi də, İmamın vücudunun kərəmindən məhrum olmayacaqdı, çünki, bu sual-cavab onun öz məqamına və şəninə riayət etmək məqsədi daşıyırdı.
Hər halda söhbət belə davam etdi:
Ərəb dedi: Yəbnə Rəsulillah, necə rəvadır ki, risalət və şərafət xanədanından olan sənin kimi bir şəxs, yalnız bədəvi bir ərəb olan məndən sual etsin?
İmam Hüseyn (əleyhissalam) buyurdu: Babamdan eşitmişəm, belə buyurub:
“Yaxşılıqlar mərifət qədərincə olmalıdır.”
Ərəb dedi: Ey Peyğəmbərin oğlu, nə istəyirsən soruş, əgər bildim, cavabını verərəm, bilməsəm, sizdən öyrənərəm. “Allahdan başqa bir qüvvə yoxdur.”
İmam Hüseyn (əleyhissalam): Əməllərin ən üstünü hansıdır?
Ərəb: Allaha iman bəsləmək.
İmam Hüseyn (əleyhissalam): İnsanın həlakətdən nicat tapmasına nə bais olar?
Ərəb: Allaha etimad və inam.
Hüseyn ibni Əli (əleyhissalam) üçüncü sualını soruşdu və belə buyurdu: İnsana zinət verən nədir?
Ərəb: Elmlə helm.
İmam Hüseyn (əleyhissalam): Əgər bu olmasa necə?
Ərəb: Sərvət və mürüvvət.
İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, insanın zinəti nədir?
Ərəb: Yoxsulluğa səbir və dözüm.
İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, kamalın və zinətin səbəbi nədir?
Ərəb: Göydən bir ildırım çaxar və ona layiq olan şəkildə həyatına son qoyar.
İmam Hüseyn (əleyhissalam) ərəb kişinin axırıncı cavabından gülümsündü, içində min qızıl dinar olan kisəni ona verdi, əlavə olaraq, qaşı iki yüz dirhəmə dəyən bir üzüyü də bağışlayıb buyurdu: Dinarlarla borcunu ödə və üzüyü də satıb öz həyatını təmin et.
Ərəb dedi: Allah Öz risalətini harada qərar verməyi daha yaxşı bilir!” (“Məqtəli-Xarəzmi”)


673 بازدید