Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Müəllimlərin seçki saxtakarlığı müsabiqəsi

Prezident demək istəyir ki, bizdə onsuz da ən yaxşı müəllimə ehtiyac yoxdur
Xalqın maarifə - ötən illərə nisbətdə - daha çox ehtiyaclı olduğu bir dövrdə İlham Əliyev "Ən yaxşı müəllim müsabiqəsi"nin ləğvinə dair sərəncam verib. Siz bu addımı necə başa düşmüsünüz deyə bilmərəm, amma mənim başa düşdüyüm odur ki, Prezident demək istəyir ki, bizdə onsuz da ən yaxşı müəllimə ehtiyac yoxdur. Çünki əslində öyrənməyə və öyrətməyə, ağsaqqallar demişkən görüb götürüb öyrənib ötürməyə ehtiyac yoxdur.
Bilirsiz niyə ən yaxşı? Çünki "ən yaxşı" sözündəki "ən" varsa deməli, bu "ən yaxşı" yaxşıların içindən seçilir, bizdə isə yaxşıların bir yerə yığılması iqtidarda qıcıq yaradır, çünki yaxşıya ölkəmizdə yer yoxdur, xüsusən də müəllimdirsə. Hətta iqtidar yaxşıları zindanda belə bir yerə toplamır.
Təəssüflər olsun ki, ölkədə efir səviyyəsində "Qəfəs", "Maşın", "Avroviziya" kimi tərbiyəsiz, əxlaqdan kənar şoulara, müsabiqələrə meydan verilir, formatı Türkiyədən oğurlanmış mahnı müsabiqələrinə, evlənmə verilişlərinə yer verilir, amma elmə, müəllimə növbə yetişəndə ləğv edilir.
Təsəvvür edin, adicə efirdə hansısa intellektual verilişə gənclər dəvət edilib elmi dərəcələri müsabiqələrdə imtahan edildikdə xalq necə sevinir, Allaha şükür edir ki, övladlarımız gələcəkdə - türkün sözü olmasın – oxuyub adam olacaqlar. Bu cür hallarda sevinən xalq "ən yaxşı müəllim müsabiqəsi"ni eşidib gələcəyə ümidlə baxar. Ona görə də, təhsilin yası tutulan ölkəmizdə xalqın elmlənib oyanmasını,uşaqların oxuyub adam olmasını, həqiqi savadı olan insanların işlə təmin edilməsini istəməyən şər qüvvələr var.
Amma mən deyərdim ki, hazırkı hakimiyyətə bizim bir çox müəllimlər qədər heç Ramil Usubovun camaatı aksiyalarda sürüyə-sürüyə aparan polisləri də fayda verməyib. YAP-ın lehinə baş tutan və "qələbəsiylə" nəticələnən elə bir seçki saxtakarlığı olmayıb ki, orada müəllimlərimiz aktiv rol oynamasın. Əlbəttə, müəllim deyərkən həqiqi müəllimləri, yəni peşəsinə sadiq qalan, vəzifəsini sədaqətlə yerinə yetirən, şərəfli insanlarla işimiz yoxdur. Bizim davamız vəzifəsini şərəfsizcəsinə yerinə yetirən müəllim adına ləkə gətirən insanlardır. Belə "müəllimlər" uşaqlıq fantaziyamızda formalaşdırdığımız yeməyib-içməyən müəllimlərdən fərqli olaraq 150 manat maaşları əllərindən çıxmasın deyə xalqın başını yeyir, üstündən su da içirlər. Elə YAP-ın müsabiqələrində iştirak etsə-etsə öz müəllimləri iştirak edəcək. Belə müəllimləri Prezident yaxşı edib oyundan kənar vəziyyətdə saxlayır. Çünki ora gələn müəllimlər Hadı Rəcəblinin "hesabına" "qul bazarında" daş hörən müəllimlər olmayacaq. Onlar elmin başına kələk hörən hakimiyyətə tüpürüb öz işləriylə məşğuldur. Geriyə qalır seçkini saxtalaşdıran "müəllimlər" tayfası, bunların müsabiqəsi də "seçki saxtakarlığı müsabiqəsi"ndən artıq olmayacaq. İqtidar isə saxtakarlıqdan yorulduğu üçün belə bir addım atıb.
Başqa sözlə desək, bizdə onsuz da yuxarıda vəsf etdiyimiz iqtidar müəllimləri hər seçkidə rəhbərlik etdikləri məntəqələri təmsil edərək bir növ müsabiqəyə giriblər. "Görək kim daha çox saxtalaşdıra bildi" müsabiqəsinə. İqtidarın sayəsində bir vaxt müqəddəs bilinən müəllim peşəsi artıq ləkələnmiş, saxtakar insanların (əlbəttə istisna ilə) peşəsinə çevrilib. Bu işi isə çox müvəffəqiyyətlə yerinə yetirdilər. Əvvəlcə məktəbi şagirdin gözündən saldılar. Şagir gözünü açıb məktəb ətrafında internet klub, bilyard salonu, "Playstation" klubu gördü, bir-iki dərsini sinifdə, qalanlarını belə məkanlarda keçirməyə başladı. Qiymət almaq, imtahan vermək məqamı yetişəndə müəllimlər onları rüşvət verməyə məcbur etdi, oxuyan şagirdlərə də normal dərs verməyib artıq pul qazanmaq üçün əlavə hazırlığa gəlmələrinə şərait yaratdılar. Bunların hamısının meydana çıxması üçün müəllim maaşını 150 manat eləmək yetərlidir. Öz balalarını da məmurlar xarici ölkələrdə samballı təhsil ocaqlarında oxutdurdular.
Sonda iqtidar nümayəndələrinə faydalı olar deyə bir hadisəni qeyd edirəm. Babək zamanından yaxşı tanıdıqları Abbasi xanədanının şahlarındna olan Məmun uşaq ikən bir dəfə müəllimi ona sillə vurur. Bu uşaq illər sonra atasının taxtında şah ünvanında əyləşəndə müəllimini çağırıb illər öncə onu niyə vurduğunu soruşur. Müəllim "sənin hələ də yadındadır?" – deyə soruşur. Daha sonra bildirir ki, madam şah olmusan, bil ki, məzlum ona edilən zülmü heç zaman unutmur.

P.S. Ziyanın yarısından dönmək də xeyirlidir. Hər gün sillələdiyiniz xalq bu sillələri heç vaxt unutmur


2613 بازدید
در حال ارسال اطلاعات...