Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2016

İlham Əliyev iki torpaq arasında

Onsuz da dövlətin bütün nazirliklərindən tutmuş, deputatxanasına qədər hər yeri işğal altındadır.
Torpağa əsr edilən şeirlərin, dastanların, nağılların, qoşmaların, son zamanlarda da uydurmaların sayı hesabı yoxdur. Qədimdə, elə bu son illərdə də torpaq, vətənlə bağlı ağsaqqal əkinçidən tutmuş, qarasaqqal müəlliminə qədər hamı danışırdı. Çünki həqiqətən o zamanlar torpaqın dəyəri olub.
İnsan torpaqdan yaranıb, torpaq üstündə yaşayır və son mənzili də torpaqdır. Allah insanı torpaq üstündə yaşamaq üçün yaradıb, torpaq üstündə bir-birinin qanını tökmək üçün yox. Amma tarix boyu nadan insan torpaq üstündə bir birini qırıb.
Rəhmətlik Bəhlul Danəndə bir gün görür ki, iki nəfər atasından qalma torpaq sahəsi üstündə bir-birinin ətini didir. İki qardaşın hər birisi bu torpağın ona aid olduğunu iddia edib Bəhlul Danəndədən qəzavət etməsini istəyirlər. Bəhlul Danəndə deyir gərək torpağın özündən soruşaq, görək o nə deyir. Daha sonra əyilib qulağını yerə dirəyir və qalxıb qardaşlara deyir ki,torpaqdan soruşdum, o dedi ki, mən onların heç birinin deyiləm. Əksinə onlar mənimdir, sonda mən yanıma gələcəklər. Bura qədər öyüd-nəsihət babından idi.
Necə deyərlər, Ermənistanın Azərbaycana təcavüzü davam edir, bu ədalətsizliyə dünya birliyi hələ də dözür. Əslində dünya birliyindən nə gözləyəsən? Bu dünya birliyi qayıdıb bizə deməzmi ki, sən ölkənin sərhədlərini pozan işğalçı Ermənistandan torpaqlarını almaq istəyirsən, get hələ bir öz oliqarx məmurlarından sərhədləri ölkə daxilində pozulan, qəsb edilmiş əraziləri, hasarlanmış dəniz kənarını, bulvarı, hər məmurun 10-15 villasının, ticarət mərkəzinin, istirahət mərkəzinin, obyektlərinin qəsb etdiyi əraziləri, tutduqları kreslonu əlindən al, görüm ala bilirsənmi?
İlham Əliyev yenə gündəmdədir. Bəzən silahlı qüvvələrdə xidmət edənlərin qarşısına hərbi formada, bəzən də mülki vətəndaşlarla görüşdə vətən əsgəri formasında görünür. Yeri gələndə də iclaslara kostyumla gəlib barmaq silkələyir. Bəli, vətən uğrunda lazım gəlsə "supermen" paltarı geyinmək lazımdır.
Noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüş keçirən İlham Əliyev deyib ki, 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz zəbt edənlər tərəfindən alınaraq insanlara verilib: "Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq."
Eyni zaman və məkanda yəni Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əsgərlər önündə çıxış edib: "Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir."
Doğrudan da çox acınacaqlı durumdur. Adam bilmir ağlasın, yoxsa gülsün. Deməli, 2000 hektardan çox torpaq xarici işğalçılardan azad edilib, 200 min hektardan çox ərazisi isə daxili işğalçılardan. Hərçənd İlham Əliyev daxili işğalı "zəbt" adlandırıb. Amma bu işğaldan başqa bir şey deyildir. Görəsən televizorda, qəzet-jurnalda, hətta deputatxanada qınadığımız dünya birliyi öz torpaqlarının 200 min hektardan artığını işğal etmiş və 23 ildir hər gün "sabah torpaqları azad edəcəyik" bəyanatlarını verən, düşməndən isə cəmisi 2000 hektardan bir qədər çox torpaq almağı bacaran bir hökümət üçün nə etməlidir?
Bu məqamda günün sualı meydana çıxır: Xarici düşmənlərimizi qoyduq bir kənara, daxili işğalçılar bu işğalı kimə arxalanıb keçiriblər? İlham Əliyevi arxalanıb ediblərsə çox pis, yox İlham Əliyevdən daha güclü bir qüdrətə arxalanıblarsa bu ondan da pis. Görəsən ölkəmizdəki bu adam kimdir?
Nə üçün bu nankor, qudurmuş məmurlara bu qədər üz verilir, sonra da 20 faiz Qarabağ və ətraf rayonların azadlığı uğrunda çalışmaq əvəzinə, 200 min hektarın qaytarılması uğrunda canfəşanlıq edilir?
Hələ ən dəhşətlisi budur ki, cənab Əliyev işğalçı məmurlarla yumşaq davranıb. Deyib ki, kim zəbt etdiyi torpağın əlindən alınmasını istəmirsə, əkib-becərsin, özü də pul qazansın, insanlara güya xeyir versin. Bəs görəsən qışda kasıb xalqın buz ala bilmədiyi məmurlardan yayda pomidor almaq olarmı?
Cənab prezident burada bir həqiqəti unudub? Unudub ki, bu gün çıxışında "zəbt" sözünü nisbət verdiyi işğalçı məmurlara "əgər əlindən alınmağını istəmirsə, əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin" desə, sabah üzsüz ermənilər İlham Əliyevi gücsüz görüb 235644-ci üçtərəfli görüş zamanı (Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü) onlara da belə bir imkanın tanınmasını tələb edəcəklər. Xalqa ən ağır günlərdə və çətin vəziyyətində güzəştə gedilmədiyi bir ölkədə bu cür işğalçı məmur tayfasına və Ermənistan dövlətinə yumşalmaq ziyandan başqa heç nə gətirməz.
Yadınızdadırsa, bir müddət öncə İlham Əliyev açıqca deyirdi ki, Hacıbala Abutalıbovdan soruşuram bu qanunsuz villalar kimindir? Deyir bilmirəm. Deyirəm sökün, qoy sahibləri üzə çıxsın, növbəti gün gəlib görürəm villalar hələ də sökülməyib. Bu cür dövlət üçün dünya birliyi nə etməlidir? Dəyərli vaxtı qudurğan məmur balalarının nadanlığına, yumurtanın müşavirəsinə, oliqarx məmurların ölkə ərazisini işğal etməsinə gedən birdövlətdən ötrü dünya birliyi başına haranın külünü tökməlidir?
Onsuz da dövlətin bütün nazirliklərindən tutmuş, deputatxanasına qədər hər yeri işğal altındadır. Qobustanın mənimsənməsi, dəniz kənarının hasarlanması, hər dərədə bir obyektin məmurlar tərəfindən tikilməsi, bütün bunlar səhnənin tamaşaçıya göstərilən hissəsidir, səhnə arxasında bütün Azərbaycan bir dəstə insanın işğalına məruz qalıb. Ölkə bu işğalçılardan təmizlənməsə, xarici təcavüzkarlardan toprlaqlarımızı heç cür ala bilməyəcəyik.

P.S. Görünür bundan sonra iki torpaq arasında qalan İlham Əliyevin işi iki torpaq uğrunda müharibə anaonsları verməkdən ibarət olacaq.


2338 بازدید
در حال ارسال اطلاعات...